“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu 7 yanvar 2025-ci il tarixindən qüvvəyə mindi.
Dəyişikliklərə əsasən, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələrinin icraya yönəldilmə müddəti 3 ildən 1 aya endirildi. Əlavə olaraq, yeni qaydalarla arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönləndiriləcəkdir.
Həmçinin islahatların davamı olaraq, qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” AR Qanununa dəyişikliklər edilməklə arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşdirilib:
Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə, habelə arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə hər biri ayrı-ayrılıqda 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat və nəhayət müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat dövlət rüsumu ödəniləcək.

Rightwellton Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.
Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
Sənədləri tələb olunan qaydada və tarixədək təqdim etməyən cərrahlara münasibətdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.