searchclose

“Rəqəmsal Ekologiya” (REİS) və “Milli Məkan Məlumatları” (MMM) İnformasiya Sistemləri yaradıldı.

Prezident İlham Əliyevin “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” və “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" 10 yanvar 2025-ci il tarixli Fərmanları ilə rəqəmsal idarəçilik istiqamətində uğurlu addımlar atıldı.

 

Artıq vətəndaşlarımız REİS vasitəsilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Nazirlik) və tabeliyindəki qurumlara, habelə publik hüquqi şəxslərə elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək imkanına sahib olacaqlar. REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.

 

Azərbaycan Respublikası ərazisində müəyyən məkan, ərazi və coğrafi bölgə ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan istənilən məlumat milli məkan məlumatı hesab edilir. MMM informasiya sistemi vətəndaşlarımızın milli məkan məlumatları üzrə xidmətlərə əlçatanlığını artırmaqla real vaxt rejimində, keyfiyyətli və operativ xidmət almasına imkan verəcək. MMM-in sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.

 

REİS, MMM və bu kimi informasiya sistemlərinin yaradılması və Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyası vətəndaşlarımız üçün əlverişli inzibati aktın qəbul edilməsi və ya onlara məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı, həmçinin vaxta qənaət baxımından olduqca əhəmiyyətlidir. Nümunə üçün baxaq, vətəndaş A mülkiyyət hüquqlarını həyata keçirmək  üçün ərizə ilə inzibati orqana müraciət edir. İnzibati orqan da öz növbəsində sübut qismində ərizəyə əlavə edilməli olan sənədləri və ya məlumatları A-dan tələb edir. İnzibati orqan A ilə bağlı məlumatları EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edə bildikdə A-dan həmin sənədlər və ya məlumatları daha tələb edə bilmir və nəticədə rəqəmsal imkanlar inzibati icraatı A şəxsinin timsalında bütün vətəndaşlarımızın xeyrinə sadələşdirmiş olur.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Plastik Cərrahlara Xəbərdarlıq
#PlastikCərrahiyyə #DövlətNəzarəti #Səhiyyə Nazirliyi

27.0.2025

Plastik Cərrahlara Xəbərdarlıq

Rightwellton Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.

 

Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

 

Sənədləri tələb olunan qaydada və tarixədək təqdim etməyən cərrahlara münasibətdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.

absolute_pic
Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib
#eMühasibat #QanunDəyişiklikləri #MilliMəclis

10.2.2025

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

Rightwellton E-huquq.az -a istinadən xəbər verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

 

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

 

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

 

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

 

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb, üçüncü oxunuşda qəbul edilib.

absolute_pic
Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi
#Rightwellton #Hüquq #Süniintellekt #Dövlətstrategiyası

22.2.2025

Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

 

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

 

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

 

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

 

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

absolute_pic