searchclose

Sahibkarlıq Subyektlərinə Yeni Tələblər: Dövlət Orqanları Benefisiar Mülkiyyətçi Barədə Məlumatları Tələb Edir

Azərbaycanda benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi  barədə Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunvericilik aktlarında ard-arda dəyişikliklər edilmişdir. 

 

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə "Benefisiar mülkiyyətçi" və "nəzarət və (və ya) mülkiyyət zənciri" anlayışları qanunvericiliyə daxil edilmişdir:

 

  • Benefisiar mülkiyyətçi – son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər)

 

  • Nəzarət və (və ya) mülkiyyət zənciri – hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması

 

Bundan belə hər bir hüquqi şəxs (həm hazırda dövlət qeydiyyatından keçmiş, həm də bundan sonra dövlət qeydiyyatından keçəçək bütün hüquqi şəxslər) benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli dövlət orqanlarına təqdim etməlidir.

 

Əlavə olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna benefisiar mülkiyyətçilər barədə tələb olunan bütün məlumatların siyahısı müəyyən edilmiş, habelə benefisiar mülkiyyətçinin müəyyən edilməsi qaydalarını ehtiva edən yeni 5-1-ci maddə daxil edilmişdir.

 

Vergi Məcəlləsində, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda edilmiş düzəlişlərlə benefisiar mülkiyyətçi barədə məlumatlar kommersiya sirri və vergi sirri təşkil edən məlumatlar hesab edilmiş, reyestrdə əks etdirilsə belə, ictimaiyyətə açıq olmayan məlumatlar kateqoriyasına daxil edilmişdir.

 

Bundan ziyadə “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, ““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişikliklərlə benefisiar mülkiyyətçi barədə məlumatların təqdim edilməsi maliyyə bazarları subyektlərinə lisenziya alınması zamanı bir növ pre-rekvizit kimi müəyyən edilmişdir.

 

Qanunvericiliyə edilmiş dəyişikliklər tələb edir ki, 15 May 2025-ci il tarixədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsini aşağıdakı vaxt intervalında təmin etsin:

 

► iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;

 

► orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;

 

► kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;

 

► mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;

 

► qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Həyatınıza Hüquqi Təhlükəsizlik Gətirən İnnovativ Xidmət: Rightwellton
#RightwelltonPremium

19.10.2024

Həyatınıza Hüquqi Təhlükəsizlik Gətirən İnnovativ Xidmət: Rightwellton

Rightwellton şirkəti ölkəmizdə hüquqi müdafiə sahəsində yenilikləri ilə növbəti dəfə diqqət mərkəzindədir. Şirkət İnnovativ Rightwellton Premium Xidmətini ictimaiyyətə təqdim edib. Şirkətin icraçı direktoru, ADA Universitetinin müəllimi və Vəkillər Kollegiyasının Fəxri Hüquq doktoru Fərid Həsənovun sözlərinə görə, Rightwellton Premium yalnız VIP müştərilər və onların ailə üzvləri üçün fasiləsiz və tam fərdiləşdirilmiş  hüquqi müdafiə təqdim edən bir xidmətdir. Bu konsepsiya yalnız hüquqi problemlərin həlli ilə məhdudlaşmır, həm də hüquqi təhlükəsizliyi həyatınızın ayrılmaz hissəsinə çevirməyi hədəfləyir.


Fərid müəllim Rightwellton Premiumun üstünlüklərini belə şərh edir:


1. Fasiləsiz Hüquqi Yardım
Hüquqi problemlər nə vaxt və harada yaranırsa yaransın, həll üçün fasilə olmamalıdır. Rightwellton Premium VIP müştərilərinə  ailələri ilə birlikdə 24/7 hüquqi dəstək təqdim edir. Hər hansı bir təcili vəziyyətdə şəxsi hüquq məsləhətçiniz həmişə əlçatandır. Bu yanaşma ilə siz hüquqi məsələlərdə heç vaxt tək qalmırsınız.


2. Şəxsi Vəkil Dəstəyi
Hər bir ailənin hüquqi tələbləri unikal və fərqlidir. Buna görə də, hər müştərimizə şəxsi vəkil ayrılır. Bu vəkil, ailənizin bütün hüquqi ehtiyaclarını qarşılayır, ailə mülklərinin qorunmasından tutmuş fərdi hüquqi problemlərə qədər hər sahədə davamlı dəstək göstərir.


3. Qlobal Təcrübə və Təhlükəsizlik
Hüquq yalnız yerli müstəvidə cərəyan etmir, bu baxımdan Rightwellton Premium həmçinin qlobal miqyasda hüquqi müdafiə təmin edir. Xarici hüquqi problemlərdən tutmuş beynəlxalq aktivlərin qorunmasına və kompleks ticari mübahisələrin həllinə qədər geniş sahələrdə müştərilərinin yanındadır.


4. Xidmətdə məxfilik
Hüquqi məsələlərdə məxfiliyin və güvənin nə qədər vacib olduğunu bilirik. Rightwellton Premium ailənizin hüquqi maraqlarını ən yüksək məxfilik səviyyəsində qoruyur. Müştərilərin, daha da önəmli ailələrinin təhlükəsizliyi və maraqları hər zaman prioritetdir.
    
Qısası, Rightwellton Premium hüquqi dəstəyi bir xidmət olmaqdan çıxararaq, həyatınızın bir hissəsinə çevirir.

#VIPHüquqiYardım #ŞəxsiVəkil #HüquqiTəhlükəsizlik #24_7HüquqiYardım #HüquqiXidmət #HüquqiMəsləhət

absolute_pic
Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı
#AliMəhkəmə #AiləHüququ #Aliment #HüquqiYeniliklər

8.0.2025

Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli № 15 Qərarı nikahın pozulması, aliment və əlaqədar tələblər üzrə uzunmüddətli və yorucu məhkəmə mübahisələrindən yayınmaq üçün üçün effektiv həll yolları vəd edir.

 

Dəyişikliklərə əsasən, artıq uşaqla ünsiyyət məsələsində problem yaşayan valideynlər əlavə vaxt və xərc çəkmədən elə məhkəmədə nikahın pozulması ilə eyni vaxtda bu problemi həll edə biləcəklər. Habelə valideyn övladı ilə olan ünsiyyətin vaxtını, müddətini və yerini dəyişdirmək istədikdə aylarla çəkən məhkəmə proseslərindən daha qorxmalı deyil, çünki bu barədə ərizə təqdim etmək kifayət edəcək. Belə olduqda qanunvericiliyə əsasən səlahiyyətli məhkəmə həmin ərizəyə 10 iş günü müddətində baxıb qərar verməlidir.

 

Bu qayda uşağından ayrı yaşayan, amma onunla ölkə xaricinə çıxmaqda maraqlı olan valideynlər üçün də sadələşdirilmiş imkanlar vəd edir. Belə ki, çox zaman ayrı yaşayan valideynlərin övladları ilə ünsiyyət müddəti xarici səfərlərə imkan vermir, bu halda ünsiyyət müddətinin səfərə uyğunlaşdırılması üçün məhkəməyə ərizə və 10 gün səbir etmək kifayət edə bilər.

 

Dəyişikliklərə əsasən, daha alimentin artırılması barədə hər il məhkəməyə müraciət edib aylarla yekun nəticəni gözləməyə ehtiyac qalmayacaq, çünki minimum əmək haqqındakı artımlara münasibətdə alimentin indeksasiyası aparılacaq. Avtomatik indeksasiya aparılması üçün müraciət qaydası iki formada təzahür edir. Minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilən alimentlər üçün tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq, lakin əgər aliment qətnamədə konkret məbləğlə ifadə edilibsə, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ sadə bir qərardad vasitəsilə həll ediləcək.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 Dekabr 2024-cü il tarixində qəbul etdiyi son dəyişikliklər, nikahın pozulması, aliment və bu qəbildən valideyn-uşaq münasibətləri ilə bağlı vaxt və xərc aparan yorucu məhkəmə mübahisələrini xeyli sadələşdirmişdir.

absolute_pic