“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli № 15 Qərarı nikahın pozulması, aliment və əlaqədar tələblər üzrə uzunmüddətli və yorucu məhkəmə mübahisələrindən yayınmaq üçün üçün effektiv həll yolları vəd edir.
Dəyişikliklərə əsasən, artıq uşaqla ünsiyyət məsələsində problem yaşayan valideynlər əlavə vaxt və xərc çəkmədən elə məhkəmədə nikahın pozulması ilə eyni vaxtda bu problemi həll edə biləcəklər. Habelə valideyn övladı ilə olan ünsiyyətin vaxtını, müddətini və yerini dəyişdirmək istədikdə aylarla çəkən məhkəmə proseslərindən daha qorxmalı deyil, çünki bu barədə ərizə təqdim etmək kifayət edəcək. Belə olduqda qanunvericiliyə əsasən səlahiyyətli məhkəmə həmin ərizəyə 10 iş günü müddətində baxıb qərar verməlidir.
Bu qayda uşağından ayrı yaşayan, amma onunla ölkə xaricinə çıxmaqda maraqlı olan valideynlər üçün də sadələşdirilmiş imkanlar vəd edir. Belə ki, çox zaman ayrı yaşayan valideynlərin övladları ilə ünsiyyət müddəti xarici səfərlərə imkan vermir, bu halda ünsiyyət müddətinin səfərə uyğunlaşdırılması üçün məhkəməyə ərizə və 10 gün səbir etmək kifayət edə bilər.
Dəyişikliklərə əsasən, daha alimentin artırılması barədə hər il məhkəməyə müraciət edib aylarla yekun nəticəni gözləməyə ehtiyac qalmayacaq, çünki minimum əmək haqqındakı artımlara münasibətdə alimentin indeksasiyası aparılacaq. Avtomatik indeksasiya aparılması üçün müraciət qaydası iki formada təzahür edir. Minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilən alimentlər üçün tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq, lakin əgər aliment qətnamədə konkret məbləğlə ifadə edilibsə, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ sadə bir qərardad vasitəsilə həll ediləcək.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 Dekabr 2024-cü il tarixində qəbul etdiyi son dəyişikliklər, nikahın pozulması, aliment və bu qəbildən valideyn-uşaq münasibətləri ilə bağlı vaxt və xərc aparan yorucu məhkəmə mübahisələrini xeyli sadələşdirmişdir.

Rightwellton E-huquq.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin “Tibbi sığorta haqqında” Qanuna etdiyi dəyişiklikləri təsdiq edib.
Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.
Dəyişiklik layihəsinə əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Nazirlər Kabinetinin təsdiq etdiyi “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilib. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulub və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.
Digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımı 2025-ci il yanvarın 1-dən başlamalıdır.
Müştərək maliyyələşmə məbləği haqqında güzəşt 2026-cı il yanvarın 1-nə qədər uzadılıb.
Tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.