searchclose

Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

 

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

 

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

 

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

 

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Plastik Cərrahlara Xəbərdarlıq
#PlastikCərrahiyyə #DövlətNəzarəti #Səhiyyə Nazirliyi

27.0.2025

Plastik Cərrahlara Xəbərdarlıq

Rightwellton Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.

 

Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

 

Sənədləri tələb olunan qaydada və tarixədək təqdim etməyən cərrahlara münasibətdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.

absolute_pic
“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir
#Rightwellton #Hüquq #Sahibkarlıq #İcazələr #Siyahı

22.4.2025

“Lisenziyalar və İcazələr Haqqında” Azərbaycan Respublikasının Qanununda Dəyişiklik edilir

Rightwellton xəbər verir ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanunununda yer alan Sahibkarlıq fəaliyyətinə verilən icazələrin Siyahısına dəyişiklik edilir.

 

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunu ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilən ərazilərin rezidentləri tərəfindən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən və gömrük rusumlarından azad edilir. Azadolmalar İqtisadiyyat Nazirliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında tətbiq edilir.

 

Qeyd edilən təsdiqedici sənədin “sahibkarlıq fəaliyyətinə verilən icazə” xarakterli olması nəzərə alınmaqla layihədə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 75-ci maddəsi yeni redaksiyada verilib. Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil edilir.

 

Bu qanun həmin təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədə olacaq.

absolute_pic
Arbitraj Qərarlarının İcrası Qaydaları Dəyişdi: Yeniliklər Nələrdir?
#Rightwellton #Hüquq #Arbitraj #HüquqiYeniliklər

9.0.2025

Arbitraj Qərarlarının İcrası Qaydaları Dəyişdi: Yeniliklər Nələrdir?

“Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə AR Qanunu 7 yanvar 2025-ci il tarixindən qüvvəyə mindi.

 

Dəyişikliklərə əsasən, xarici və yerli arbitraj məhkəmələrinin qərarları əsasında verilən icra vərəqələrinin icraya yönəldilmə müddəti 3 ildən 1 aya endirildi. Əlavə olaraq, yeni qaydalarla arbitraj məhkəmələrinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarlarının tanınması və icrası barədə məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icraya yönləndiriləcəkdir.

 

Həmçinin islahatların davamı olaraq, qanunun icrası ilə əlaqədar “Dövlət rüsumu haqqında” AR Qanununa dəyişikliklər edilməklə arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşdirilib:

 

Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə, arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə, habelə arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə hər biri ayrı-ayrılıqda 100 manat, yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə 50 manat və nəhayət müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat dövlət rüsumu ödəniləcək.

absolute_pic