Prezident İlham Əliyevin “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” və “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə" 10 yanvar 2025-ci il tarixli Fərmanları ilə rəqəmsal idarəçilik istiqamətində uğurlu addımlar atıldı.
Artıq vətəndaşlarımız REİS vasitəsilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (Nazirlik) və tabeliyindəki qurumlara, habelə publik hüquqi şəxslərə elektron kabinetləri üzərindən müraciətlərini göndərmək, elektron xidmətlərdən istifadə etmək və ödənişləri həyata keçirmək imkanına sahib olacaqlar. REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.
Azərbaycan Respublikası ərazisində müəyyən məkan, ərazi və coğrafi bölgə ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan istənilən məlumat milli məkan məlumatı hesab edilir. MMM informasiya sistemi vətəndaşlarımızın milli məkan məlumatları üzrə xidmətlərə əlçatanlığını artırmaqla real vaxt rejimində, keyfiyyətli və operativ xidmət almasına imkan verəcək. MMM-in sahibi və operatoru Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyidir.
REİS, MMM və bu kimi informasiya sistemlərinin yaradılması və Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra – EHİS) inteqrasiyası vətəndaşlarımız üçün əlverişli inzibati aktın qəbul edilməsi və ya onlara məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı, həmçinin vaxta qənaət baxımından olduqca əhəmiyyətlidir. Nümunə üçün baxaq, vətəndaş A mülkiyyət hüquqlarını həyata keçirmək üçün ərizə ilə inzibati orqana müraciət edir. İnzibati orqan da öz növbəsində sübut qismində ərizəyə əlavə edilməli olan sənədləri və ya məlumatları A-dan tələb edir. İnzibati orqan A ilə bağlı məlumatları EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edə bildikdə A-dan həmin sənədlər və ya məlumatları daha tələb edə bilmir və nəticədə rəqəmsal imkanlar inzibati icraatı A şəxsinin timsalında bütün vətəndaşlarımızın xeyrinə sadələşdirmiş olur.

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.
Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.
Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.
Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.
Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.