searchclose

Plastik Cərrahlara Xəbərdarlıq

Rightwellton Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradıldı.

 

Plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdan sonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

 

Sənədləri tələb olunan qaydada və tarixədək təqdim etməyən cərrahlara münasibətdə bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaqdır.

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib
#eMühasibat #QanunDəyişiklikləri #MilliMəclis

10.2.2025

Milli Məclis “e-mühasibat” informasiya sisteminin yaradılmasını son oxunuşda qəbul edib

Rightwellton E-huquq.az -a istinadən xəbər verir ki, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında üçüncü oxunuşda müzakirə edilib.

 

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

 

- Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;

 

- mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

 

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılıb, üçüncü oxunuşda qəbul edilib.

absolute_pic
Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı
#AliMəhkəmə #AiləHüququ #Aliment #HüquqiYeniliklər

8.0.2025

Ali Məhkəmənin Plenumunun Ailə Mübahisələri ilə Bağlı Yeni Qərarı

“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli № 15 Qərarı nikahın pozulması, aliment və əlaqədar tələblər üzrə uzunmüddətli və yorucu məhkəmə mübahisələrindən yayınmaq üçün üçün effektiv həll yolları vəd edir.

 

Dəyişikliklərə əsasən, artıq uşaqla ünsiyyət məsələsində problem yaşayan valideynlər əlavə vaxt və xərc çəkmədən elə məhkəmədə nikahın pozulması ilə eyni vaxtda bu problemi həll edə biləcəklər. Habelə valideyn övladı ilə olan ünsiyyətin vaxtını, müddətini və yerini dəyişdirmək istədikdə aylarla çəkən məhkəmə proseslərindən daha qorxmalı deyil, çünki bu barədə ərizə təqdim etmək kifayət edəcək. Belə olduqda qanunvericiliyə əsasən səlahiyyətli məhkəmə həmin ərizəyə 10 iş günü müddətində baxıb qərar verməlidir.

 

Bu qayda uşağından ayrı yaşayan, amma onunla ölkə xaricinə çıxmaqda maraqlı olan valideynlər üçün də sadələşdirilmiş imkanlar vəd edir. Belə ki, çox zaman ayrı yaşayan valideynlərin övladları ilə ünsiyyət müddəti xarici səfərlərə imkan vermir, bu halda ünsiyyət müddətinin səfərə uyğunlaşdırılması üçün məhkəməyə ərizə və 10 gün səbir etmək kifayət edə bilər.

 

Dəyişikliklərə əsasən, daha alimentin artırılması barədə hər il məhkəməyə müraciət edib aylarla yekun nəticəni gözləməyə ehtiyac qalmayacaq, çünki minimum əmək haqqındakı artımlara münasibətdə alimentin indeksasiyası aparılacaq. Avtomatik indeksasiya aparılması üçün müraciət qaydası iki formada təzahür edir. Minimum əməkhaqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilən alimentlər üçün tutulmuş aliment artırılmış minimum əmək haqqına mütənasib olaraq, icra qaydasında, heç bir müraciətə zərurət olmadan artacaq, lakin əgər aliment qətnamədə konkret məbləğlə ifadə edilibsə, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən məsələ sadə bir qərardad vasitəsilə həll ediləcək.

 

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 Dekabr 2024-cü il tarixində qəbul etdiyi son dəyişikliklər, nikahın pozulması, aliment və bu qəbildən valideyn-uşaq münasibətləri ilə bağlı vaxt və xərc aparan yorucu məhkəmə mübahisələrini xeyli sadələşdirmişdir.

absolute_pic
Rightwellton şirkəti 48 işdən imtina edib.
Xəbər

16.6.2024

Rightwellton şirkəti 48 işdən imtina edib.

Beynəlxalq bazarlar üçün ciddi hazırlıqlar üzərində çalışan Rightwellton hüquq şirkəti 2023-cü il ərzində 48-dən çox işin icrasından imtina edib.

 

Şirkətin direktoru Fərid Həsənov imtina edilən işlərin gələcəkdə şirkətin imicinə və beynəlxalq bazarda təmsil olunma strategiyamıza mənfi təsir göstərə biləcəyini söylədi.

 

“Yerli bazarda şirkətimizə daxil olan bir çox işlərdən imtina etməyimiz imicimizin və eyni zamanda bazarda şəffaflığın qorunması ilə bağldır. Daxil olan müraciətləri araşdıran zaman qarşılaşdığımız bir neçə məqamlar mövcuddur ki, onlar işin icrasından imtina etməyimizə gətirib çıxardıb. Bu məqamlar yanlış sənədləşmə, işin fəaliyyəti tənzimlənməyən digər hüquq şirkəti və ya hüquqşünas tərəfindən yanlış istiqamətə aparılması, qarşı tərəfin psixoloji və toksik münasibəti ümumilikdə 2023-cü il ərzində 48-dən çox işdən imtina etməyimizlə nəticələnmişdir.”

 

Ölkənin kadr potensialına da diqqət çəkən şirkət rəhbəri bahalı kadrların potensialını kiçik işlərə sərf olunmasına qarşı olduğu barədə də fikirlərini paylaşdı.

“Ölkədə ciddi kadr problemi mövcuddur. Biz şirkət olaraq cəlb etdiyimiz və yatırımına zaman, enerji xərclədiyimiz potensial kadrların enerjisini doğru istiqamətdə istifadə etmək niyyətindəyik. Ona görə də işlərin həcmindən daha çox sifarişçinin digər insani keyfiyyətlərinə, sahə ilə bağlı minimum anlayışlarına, dinləmə, empati qurma və anlama kimi xüsusiyyətlərinə də diqqət yetiririk. Bu, şirkətimizdə olan kadrların fiziki və psixoloji olaraq qorunması, eləcə də yerli bazar iştirakçılarına töhvə verilməsi baxımından vacib olduğunu hesab edirik.”

 

Qeyd edək ki, Rightwellton hüquq şirkəti beynəlxalq bazarda mövqe tutmaq üçün bir sıra hüquqi sənəd və sertifikatların alınması üzərində çalışır. Şirkət, bu ilin sonuna kimi xidmət çeşidliyi və kadr potensialını artırmağı hədəfləyir.

absolute_pic