searchclose

Azərbaycanlı Sahibkarlar üçün Dubayda Yeni İmkanlar!

Rightwellton Hüquq Şirkəti ilə Dubay mərkəzli Caspian Accounting & Bookkeeping şirkəti arasında strateji əməkdaşlıq müqaviləsi imzalanıb. 

 

Rightwellton şirkətinin direktoru cənab Fərid Həsənovun sözlərinə görə, bu əməkdaşlıq Birləşmiş Ərəb Əmirliklərində uğurlu biznes qurmaq və ya genişləndimək istəyən yerli sahibkarlarımızın rahatlığını düşünüb atdığımız bir addımdır. Belə ki yerli sahibkarlar və investorlar ölkəmizi tərk etmədən daha az xərc hesabına Dubay, Əbu-Dabi və BƏƏ-in digər iri şəhərlərindəki biznesləri üçün keyfiyyətli hüquq, vergi, mühasibatlıq və audit xidmətlərindən faydalana, habelə şirkətlərinin maliyyə vəziyyətinə tam şəffaf nəzarət edə biləcək. 

 

Qeyd edək ki, Rightwellton şirkəti tez-tez premium seqment müştərilərə özəl xidmətləri ilə gündəmə gəlsə də, komissiyasız və faizsiz taksitli ödənişi dəstəkləməklə büdcə dostu şirkət hesab edilir. 

 

Müraciət üçün:


📞*2800
 📞+994505004446
📧 info@rightwellton.az
🌐 https://www.rightwellton.az/
📍Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 2-ci mərtəbə

Paylaş

Digər xəbərlər

Hamısına baxreadmore
Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi
#Rightwellton #Hüquq #Süniintellekt #Dövlətstrategiyası

22.2.2025

Azərbaycanın “Süni İntellekt Strategiyası” Təsdiq Edildi

Rightwellton Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025 – 2028-ci illəri əhatə edən “Süni İntellekt Strategiyası” təsdiq edilib.

 

Bu sənəd ölkənin süni intellekt sahəsində inkişafını sürətləndirmək, rəqəmsal inkişafı dəstəkləmək və qlobal süni intellekt ekosistemində Azərbaycanın rolunu gücləndirmək məqsədi daşıyır. Strategiyanın əsas məqsədləri sırasında qeyd edilən sahədə innovasiya və rəqəmsal inkişafın təşviqi, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, süni intellekt əsaslı məlumat idarəetməsinin təşkili, ixtisaslı kadr hazırlığı, bilik və bacarıqların genişləndirilməsi, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi, məlumat təhlükəsizliyi və etik qaydalara əsaslanan idarəetmə mexanizmlərinin qurulması yer alır.

 

Süni intellektin inkişafı üçün əsas infrastruktur tədbirləri çərçivəsində yüksəksəviyyəli hesablama resurslarının qurulması, açıq məlumat bazalarının yaradılması və süni intellektin müxtəlif istiqamətlərdə, xüsusilə Təbii Dil Emalı texnologiyalarında tətbiqi nəzərdə tutulur. Məlumat keyfiyyətinin artırılması və böyük həcmli verilənlərin effektiv şəkildə emal edilməsi üçün milli məlumat strategiyasının hazırlanması planlaşdırılır.

 

Bununla yanaşı, süni intellekt sahəsində akademik tədqiqatlara dəstək verilməsi və ali təhsil müəssisələrində yeni tədris proqramlarının tətbiq olunması da əsas prioritetlərdəndir. Konsepsiya çərçivəsində beynəlxalq əməkdaşlıqların inkişaf etdirilməsi də nəzərdə tutulur. Strategiyaya əsasən, süni intellekt sahəsində startap ekosisteminin inkişafı üçün investisiyaların artırılması, süni intellektin kommersiyalaşdırılmasını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsi, startap və sahibkarların dəstəklənməsi, yerli və xarici investorların bu sahəyə cəlb edilməsi planlaşdırılır.

 

Həmçinin süni intellekt sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi, o cümlədən güzəştli kreditlərin verilməsi ilə bağlı tədbirlər görüləcək.

absolute_pic
Sahibkarlıq Subyektlərinə Yeni Tələblər: Dövlət Orqanları Benefisiar Mülkiyyətçi Barədə Məlumatları Tələb Edir
#Rightwellton #Hüquq #BenefisiarMülkiyyətçi #YeniTələblər

23.4.2025

Sahibkarlıq Subyektlərinə Yeni Tələblər: Dövlət Orqanları Benefisiar Mülkiyyətçi Barədə Məlumatları Tələb Edir

Azərbaycanda benefisiar mülkiyyətçi məlumatlarının təqdim edilməsi  barədə Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunvericilik aktlarında ard-arda dəyişikliklər edilmişdir. 

 

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərlə "Benefisiar mülkiyyətçi" və "nəzarət və (və ya) mülkiyyət zənciri" anlayışları qanunvericiliyə daxil edilmişdir:

 

  • Benefisiar mülkiyyətçi – son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər)

 

  • Nəzarət və (və ya) mülkiyyət zənciri – hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması

 

Bundan belə hər bir hüquqi şəxs (həm hazırda dövlət qeydiyyatından keçmiş, həm də bundan sonra dövlət qeydiyyatından keçəçək bütün hüquqi şəxslər) benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada səlahiyyətli dövlət orqanlarına təqdim etməlidir.

 

Əlavə olaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna benefisiar mülkiyyətçilər barədə tələb olunan bütün məlumatların siyahısı müəyyən edilmiş, habelə benefisiar mülkiyyətçinin müəyyən edilməsi qaydalarını ehtiva edən yeni 5-1-ci maddə daxil edilmişdir.

 

Vergi Məcəlləsində, “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda edilmiş düzəlişlərlə benefisiar mülkiyyətçi barədə məlumatlar kommersiya sirri və vergi sirri təşkil edən məlumatlar hesab edilmiş, reyestrdə əks etdirilsə belə, ictimaiyyətə açıq olmayan məlumatlar kateqoriyasına daxil edilmişdir.

 

Bundan ziyadə “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, ““Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişikliklərlə benefisiar mülkiyyətçi barədə məlumatların təqdim edilməsi maliyyə bazarları subyektlərinə lisenziya alınması zamanı bir növ pre-rekvizit kimi müəyyən edilmişdir.

 

Qanunvericiliyə edilmiş dəyişikliklər tələb edir ki, 15 May 2025-ci il tarixədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsini aşağıdakı vaxt intervalında təmin etsin:

 

► iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;

 

► orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;

 

► kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;

 

► mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;

 

► qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.

absolute_pic
Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər qüvvəyə mindi
#Rightwellton #Hüquq #Arbitraj #CinayətMəcəlləsi #İnzibatiXətalarMəcəlləsi

24.2.2025

Cinayət və İnzibati Xətalar Məcəllələrində dəyişikliklər qüvvəyə mindi

Rightwellton E-hüquq.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

 

Vinayət Məcəlləsindəki dəyişikliklərə münasibətdə “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, külli miqdarda ziyan vurduqda, hədə-qorxu tətbiq olunmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

“Xeyli miqdar” dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, bu Məcəllənin 308-2.4.3-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.

 

İnzibati Xətalar Məcəlləsinə münasibətdə isə, “Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləri tərəfindən “Dövlət satınalmaları haqqında” qanunla müəyyən edilmiş məlumatların və elanların özlərinin rəsmi internet səhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaq və (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaq məqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifat kodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetinin ayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçıların satınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlar arasında ayrı-seçkilik yaradan tələblərin, meyarların və prosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

“Dövlət satınalmaları haqqında” qanunun yol verdiyi hallar istisna olmaqla, həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəli şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

 

“Dövlət satınalmaları haqqında” qanunla müəyyən olunmuş müddətlərdə satınalan təşkilatın qalib təchizatçının təklifini aksept etməməsinə və ya satınalma müqaviləsini imzalamamasına, satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrə ödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına, satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin və müraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə və həmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıya göndərilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

 

Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” qanunda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

 

Nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

 

Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

absolute_pic